TABIA Group Ağdamda ikinci böyük qonaqpərvərlik layihəsi olan “Hilton Garden Inn Agdam” hotelinin açılışını həyata keçirdi.
TABIA Group işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişafın təmin olunması, müasir qonaqpərvərlik standartlarının tətbiqi və sosial-iqtisadi canlanmaya töhfə vermək məqsədilə Ağdam şəhərində ikinci iri layihəsini – “Hilton Garden Inn Agdam” hotelini uğurla reallaşdırıb. Qlobal Hilton brend ailəsinin bir hissəsi olan bu layihə, TABIA Group-un regionlarda həyata keçirdiyi strateji investisiya xəttinin davamı olmaqla, Ağdam City Hoteldən sonra Ağdamda istifadəyə verilən ikinci hotel layihəsidir.
Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak edib. Açılış mərasimi Qarabağ bölgəsində beynəlxalq standartlara cavab verən xidmət obyektlərinin yaradılması və turizm infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
TABIA Group tərəfindən idarə olunan hotel 2, 6 və 7 mərtəbəli olmaqla 3 blokdan ibarət kompleks şəklində inşa edilib. Hoteldə müxtəlif kateqoriyalara aid 127 otaq, restoran, ictimai-iaşə zonaları, iclas, tədbir və ziyafət zalları, qapalı hovuz və müasir idman zalı mövcuddur. Bu infrastruktur qonaqlara Hilton-un qlobal xidmət standartlarına uyğun yüksək komfort və keyfiyyətli xidmət təqdim etmək məqsədilə formalaşdırılıb.
Hotelin fəaliyyəti nəticəsində 120 nəfər daimi işlə təmin olunub, bu isə TABIA Group-un regionlarda məşğulluğun artırılmasına və yerli icmaların sosial rifahına verdiyi önəmin bariz göstəricisidir. “Hilton Garden Inn Agdam” strateji baxımdan əlverişli məkanda — Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər əsas sosial infrastruktur obyektlərinin yaxınlığında yerləşir.
Qeyd edək ki, layihənin təməli 2022-ci ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulmuş, 2024-cü ilin fevralında isə kompleksdə aparılan tikinti işlərinin gedişi ilə tanışlıq həyata keçirilmişdir.
TABIA Group-un Qarabağ bölgəsində reallaşdırdığı bu layihələr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” na uyğun şəkildə icra olunur. Şirkət regionda turizm və qonaqpərvərlik infrastrukturunun formalaşdırılmasını yalnız biznes fəaliyyəti deyil, eyni zamanda uzunmüddətli sosial və iqtisadi inkişaf missiyası kimi dəyərləndirir.
TABIA Group Azərbaycanın aparıcı qonaqpərvərlik və xidmət şəbəkələrindən biri olaraq, paytaxt Bakı ilə yanaşı regionlarda da fəaliyyət göstərir və Hilton kimi qlobal brendlərlə əməkdaşlıq edərək beynəlxalq hotelçilik standartlarını yerli mədəniyyət, təbiət və icma dəyərləri ilə birləşdirir. Şirkətin əsas məqsədləri:
- regionlarda dayanıqlı turizmin inkişafına töhfə vermək;
- qlobal brendlər vasitəsilə beynəlxalq xidmət standartlarını ölkəyə gətirmək;
- yerli icmalar üçün yeni iş yerləri və inkişaf imkanları yaratmaq;
- Azərbaycanın turizm potensialını uzunmüddətli perspektivdə gücləndirməkdir.
Ağdam City Hotel və Hilton Garden Inn Agdam layihələri TABIA Group-un Qarabağ bölgəsində atdığı ardıcıl, düşünülmüş və strateji addımların mühüm tərkib hissəsidir.